Siz nə hiss edirsiniz? Əgər bu cür davam edərsə, həyat tərzinizdə nə kimi dəyişiklik baş verər? Görmə və eşitmə qüsuru olan insanların yaşayışını yaxşılaşdırmaq üçün nə kimi tədbirlər görülməlidir? Fikirlərinizi müzakirə edib ümumiləşdirin.
İnsanların duyğu orqanlarında qüsurlara tarix boyunca rast gəlinmişdir. Qədim zamanlarda insanlar bu qüsurlar qarşısında aciz qalırdılar. Elm və texnika inkişaf etdikcə qüsurların əksəriyyətinin aradan qaldırılması mümkün olmuşdur. Yaxındangörmə, uzaqdangörmə, çəpgözlülük, astiqmatizm kimi göz qüsurlarının aradan qaldırılması üçün müxtəlif eynəklər və linzalar (kiçik büllurlar) hazırlanır. Çəpgözlülük, büllurun bulanması (katarakta) və s. qüsurlar cərrahi əməliyyatla tam aradan qaldırılır. Cərrahi əməliyyatla buynuz qişa köçürülməsi də həyata keçirilə bilir.
Eşitmə qüsuru olanlar üçün eşitmə cihazları kəşf edilib. Bir neçə il əvvəl istifadə olunan eşitmə cihazları xeyli təkmilləşdirilmiş və ölçüləri kiçildilmişdir ki, bu da istifadə zamanı onların xaricdən çox da nəzərə çarpmamasına səbəb olur. Eşitmə pozğunluğu qulağa edilən zərbədən, güclü səsdən, bir çox infeksion xəstəliklərin törədicilərinin fəaliyyətindən və s. yaranır.
Görmə qüsurlu insanlar üçün xüsusi Brayl əlifbası (fr. Louis Braille) mövcuddur. Bu onların oxuyub-yazmasına xidmət edir. Belə ki əlifbadakı hərflərin qabarıq olması görmə qüsuru olanlara barmaqlarının köməyi ilə oxumaq imkanı yaradır. Görmə qüsurlu insanlarda toxunma hissiyyatı daha yaxşı inkişaf etmişdir.