İnsanın hiss orqanları və müvafiq qıcıqlar qəbul edən mərkəzlər
Müxtəlif duyğu orqanlarının qəbul etdiyi siqnallar sayəsində insan xarici mühitdə davranış tərzini müəyyən edir və şəraitə uyğun reaksiya göstərir.
Duyğu orqanlarında xarici qıcığı sinir impulsuna çevirən reseptorlar seçicilik qabiliyyətinə malikdir. Hər bir reseptor öz qıcığına qarşı çox həssasdır. Dəridəki reseptorlar istini, soyuğu, toxunmanı, ağrını hiss edir. Ən zəif işıq belə gözdə yerləşən görmə reseptorlarını qıcıqlandırır. Eşitmə reseptorları səs qıcığını, dad reseptorları qidanın dadını qəbul edir. Reseptorlar, onlardan çıxan sinirlər və beyin yarımkürələrinin müvafiq nahiyəsi analizator adlanır. Bunu ilk dəfə İvan Petroviç Pavlov müəyyənləşdirmişdir.
Analizatorun üç hissəsindən hər hansı biri zədələnərsə, işi pozular. Məsələn, insanda eşitmə qabiliyyəti, eşitmə reseptorlarında dəyişikliklərin, eşitmə sinirinin funksiyasının pozulmasının, həm də yarımkürələr qabığının eşitmə nahiyəsinin zədələnməsi nəticəsində pozula bilər.
Hər bir insanda ətraf mühiti dərketmə kimi ali bir hissin baş tutması müxtəlif analizatorların (görmə, eşitmə, dad, iybilmə, müvazinət, dəri-əzələ) uzlaşmış fəaliyyəti ilə əlaqədardır.