Bu yaş dövründə oğlan və qızların anatomik quruluşunda bir çox cinsi fərqlər qabarıq şəkildə nəzərə çarpır ki, bu da qanda hormonların miqdarının artması ilə izah olunur. Ürək sürətlə böyüdüyü halda qan damarları hələ bu inkişafdan geri qalır və elə buna görədir ki, yeniyetmələrdə çox tez-tez qan təzyiqinin dəyişməsi hallarına rast gəlinir. Bu da öz növbəsində ürəyin işini çətinləşdirir, baş ağrılarına, aşağı və yuxarı ətrafların qanla təchizinin zəifləməsinə, beyinin oksigen aclığına səbəb olur. Bu isə tez-tez diqqətin yayınması, yaddaşın, qavrama qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Bu əlamətlər bir müddətdən sonra qaydaya düşür.
Boy artımı qızlarda təxminən 18, oğlanlarda isə 20 yaşa qədər davam edir. Bu dövrdə fiziki inkişafla yanaşı, əqli inkişaf da gedir. Orqanizmdə baş verən fiziki dəyişikliklər heç birinizdə həyəcan yaratmamalıdır. Kiminsə məsləhətinə ehtiyac hiss etdiyiniz zaman ailə üzvlərinizə, sinif rəhbərinizə, məktəbinizin psixoloquna müraciət edə bilərsiniz. Bu dövrdə gözəl görünməyə çalışdığınız qədər ətrafınızdakı insanlarla münasibətdə də səmimi, mərhəmətli, sevgi dolu olmağa cəhd edin. İnkişafınızın bu mərhələsində düzgün qidalanmalı, idmanla məşğul olmalı, şəxsi gigiyena qaydalarına diqqət yetirməlisiniz. Sağlamlığınıza mənfi təsir göstərən zərərli vərdişlərdən, davranışlardan çəkinmək vacibdir.
Cinsi yetişkənlik dövründə sağlamlığınızın qayğısına qalmaq sizə gələcəkdə yarana biləcək bir çox problemlərdən qorunmağa imkan verəcək. Bu problemlərdən biri sonsuzluq problemidir.
Uyğunluğu müəyyən edin.
Düzgün fikri seçin.