Rüşeym uşaqlığa daxil olur və inkişafını davam etdirir. Uşaqlıqda iki gün sərbəst qalan rüşeym xarici qat hüceyrələrindən yaranmış xovlar vasitəsilə uşaqlığın divarına yapışır. Xovlu qişanın qan kapilyarları vasitəsilə qidalanmağa başlayır. Bu dövr bətndaxili inkişafın rüşeym dövrüdür. İnkişafın 3-cü ayından başlayaraq xovların bir hissəsindən cift əmələ gəlir. Ciftin əmələ gəlməsi ilə döl mərhələsi başlayır. 4-cü ayından başlayaraq cift hormon ifraz edir. Döl mərhələsi 7 ay davam edir. Döl ciftlə göbək ciyəsi vasitəsilə birləşir və dölün orqanizmi ana orqanizmi ilə əlaqələnir. Ananın qanı dölün qanı ilə qarışmır. Dölün qidalanması, tənəffüsü və ifrazatı ananın qan-damar sistemi ilə həyata keçirilir. İnsanın bətndaxili inkişafı 9 aya başa çatır, doğuş başlayır. Döl ana bətnindən xaric olur. Hələ hamiləlik dövründə ana bətnində ifraz olunan xüsusi hormonlar sayəsində süd vəzilərində süd əmələ gəlir. Doğulduqdan sonra göbək ciyəsi kəsilir.