Statistikaya əsasən, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı və bu səbəbdən dializ olunan xəstələrin sayı artıb.
Belə xəstələr vaxtında dializ olunmazsa, nə baş verər?
Şəklə baxın və gördüklərinizi müzakirə edin.
Orqanizmdəki bütün orqanlar kimi böyrəklərimizin də qorunması vacibdir. Müəyyən səbəblərdən sidik ifrazat sistemi orqanlarının öz funksiyalarını yerinə yetirə bilməməsi nəticəsində müxtəlif xəstəliklərlə qarşılaşa bilərik.
Böyrəklərdə çatışmazlıq yaranarsa, orqanizmdə müxtəlif əlamətlər: halsızlıq, təngnəfəslik, ürək vurğularının artması, sidiyin azalması və ya tez- tez sidiyə getmə, qan təzyiqinin qalxması, əl, ayaq, göz ətrafında şişkinlik müşahidə olunur. Vaxtında həkimə müraciət etməklə xəstəliklərin qarşısını ala bilərik.
Böyrək xəstəlikləri içərisində tez-tez rast gəlinənlərdən biri böyrəklərdə daşların toplanmasıdır. Bu daşlar maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Onlar bəzən çox kiçik dənələr şəklində heç bir ağrı vermədən sidiklə xaric olunur. Ancaq böyük ölçülü olub sidik axarlarına və sidik kisəsinə düşərək sidik kanalı ilə hərəkət etdikdə güclü ağrılara səbəb olan böyrək daşları da var. Belə hallarda bəzən sidikdə qan müşahidə olunur. Əgər müxtəlif müalicə üsulları köməklik göstərməzsə, daşlar düşməzsə, onları çox vaxt lazer şüaları ilə kiçik parçalara ayırıb orqanizmdən xaric edirlər.