Qədim koloniyalı ibtidailərin hüceyrələri müxtəlif qatlara ayrılaraq ilk çoxhüceyrəli orqanizmlərə başlanğıc vermişdir.
Canlıların sonrakı tarixi inkişaf prosesi də quruluşun mürəkkəbləşməsi istiqamətində getmişdir. Bu zaman onlar arasında güclü rəqabət olmuş, yalnız mühitə uyğunlaşanlar salamat qalmışdır.
Bildiyiniz kimi, canlılar arasında insan inkişaf prosesində ən son pillədə yer tutmuşdur. İnsan əcdadı digər canlılar kimi uzun sürən inkişaf yolu keçmiş və müasir görkəmini almışdır. Bu zaman o, müxtəlif təsirlərə məruz qalmış, anatomik, morfoloji və fizioloji cəhətdən təkmilləşmişdir. İnsan bioloji və sosial varlıq kimi canlılar arasında özünəməxsus yer tutur. Bu da onda dik yerimə, aşağı ətraf əzələlərinin güclü inkişafı, ayaq tağı, 4 əyriliyə malik S şəkilli onurğa sütunu, ikinci siqnal sistemi (söz vasitəsilə qavramaq), mücərrəd təfəkkür və s. əlamətlərin olması ilə əlaqədardır.