Böyrəklər qanı böyrək arteriyası vasitəsilə qarın aortasından alır. Böyrəklərdən dəqiqədə təqribən 1 litr qan keçir. Qanı böyrəklərdə süzən nefronlardır. Hər böyrəkdə təqribən 1 milyon nefron vardır. Nefronların işi sayəsində qan lazımsız məhsullardan təmizlənir. Nefronlar suyun, mineral duzların artığını və maddələr mübadiləsinin lazımsız məhsullarını qandan süzüb ayırır. Təmizlənmiş qan böyrək venası vasitəsilə aşağı boş venaya qayıdır.
Nefronların süzdüyü maddələrdən sidik əmələ gəlir. Nefronda süzülmə və geriyə sorulma baş verir. Nefronun qədəhəbənzər kapsulunda lazımsız məhsullar və yararlı maddələrin bir qismi qandan süzülür, ilk sidik əmələ gəlir. Qıvrım kanalcıqlarda isə lazımlı məhsulların və suyun bir hissəsi geriyə - qana sorulur və son sidik yaranır. Sutka ərzində böyrəklərdən keçən 1500-1700 litr qandan 150-170 litrilk sidik, sonda isə təqribən 1,5 litr son sidik əmələ gəlir. Sidik böyrək ləyəninə yığılır. Böyrək ləyənindən başlayan sidik axarları ilə axan son sidik sidik kisəsinə toplanır. Onların divarının orta qatı saya əzələlərdən təşkil olunmuşdur. Sidik kisəsi çanaq boşluğunun aşağı tərəfində yerləşir. Tutumu təqribən 500 ml-dir. Onun 1/4-i dolduqda insan ifrazat ehtiyacı duyur. Sidik sidik kanal vasitəsilə xaric olunur. İnsanda qidanın tərkibindən asılı olaraq sidiyin miqdarı da dəyişə bilir. Nə qədər çox maye qəbul olunsa, bir o qədər də çox sidik ifraz edilir.
Sidik ifrazatını idarə edən onurğa beyni öz işini beyin qabığının nəzarəti altında yerinə yetirir.