Şəkildə verilən canlıları quruluşlarının mürəkkəbləşmə ardıcıllığına görə düzün. Aldığınız iki qruplaşmanı bir-biri ilə əlaqələndirməyə çalışın. Bu qruplar nəyi əks etdirəcək? Fikirlərinizi əsaslandırın.
Müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə, canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmışdır. İlk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmış, lakin onlarda hüceyrənin quruluş elementləri (sitoplazma,, nüvə, orqanoidlər) olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk birhüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur.
Müasir təsəvvürlərə görə, ibtidai birhüceyrəli qamçılılar göbələklərə, bitki və heyvanlara başlanğıc vermiş, çoxhüceyrəli orqanizmlər isə onlardan başlanğıc götürmüşdür.
Koloniya halında yaşayan birhüceyrəlilərin mövcudluğu bunu sübut edən dəlillərdən biridir. Koloniyaların yaranması canlıların quruluşunun sonrakı inkişafının mürəkkəbləşməsində mühüm əhəmiyyət daşımışdır.