Klapanlar müəyyən edilən iş ardıcıllığına uyğun olaraq avtomatik açılır: daxilolma klapanından silindrə yanacaq qarışığı daxil olur, xaricetmə klapanından isə yanacağın yanma tullantısı xaric edilir. Silindrin qapağında klapanlardan başqa, 9 alışdırma şamı da yerləşir. Alışdırma şamının yaratdığı elektrik qığılcımı yanacaq qarışığını alovlandırır.
Daxiliyanma mühərrikində porşenin yuxarı və ya aşağı hər bir gedişi takt adlanır. Mühərrikin bir tam işi dörd taktda baş verir. Bu səbəbdən belə mühərrik dördtaktlı mühərrik adlanır:
I takt ─ sorma. Porşen aşağı hərəkət edir. Silindrdə seyrəlmə yaranır, 7 klapanı açılır və yanacaq qarışığı silindrə sorulur. Sorma taktının sonunda 7 klapanı bağlanır. 8 klapanı da bağlıdır.
II takt ─ sıxılma. Porşen yuxarı hərəkət edərək yanacaq qarışığını sıxır. Sıxılma zamanı yanacaq kəskin qızır. Sıxılma taktının sonunda, porşen yuxarı vəziyyətə çatmağa az qalmış, şamın yaratdığı elektrik qığılcımı yanacaq qarışığını alışdırır.
III takt ─ işgörmə. Alışma nəticəsində yanacaq qarışığından ayrılan qazlar porşenə böyük qüvvə ilə təsir edərək onu aşağı itələyir. Nəticədə dirsəkli vala bərkidilən nazimçarx böyük sürətlə fırlanma hərəkəti alır. Nazimçarx ətaləti nəticəsində fırlanmaqda davam edərək porşenin sonrakı taktlardakı hərəkətini təmin edir.
IV takt ─ xaricetmə. 8 klapanı açılır (7 klapanı bağlıdır), porşen yuxarı hərəkət edir və yanma məhsulları silindrdən atmosferə xaric edilir. Taktın sonunda 8 klapanı bağlanır və yenidən birinci takt – sorma taktı başlanır.