Havanın rütubəti xüsusi cihazlarla - hiqrometr və
psixrometrlə ölçülür. Yunan sözü olan
“hiqros” - nəm, “psixros” isə soyuq deməkdir
Onunla bilavasitə şeh nöqtəsi təyin edilir. Kondensasiyalı hiqrometr metal silindrdən (1) ibarətdir. Onun ön divarı cilalanır (2). Silindrə tez buxarlanan maye - efir tökülür (3) və termometr (4) daxil edilir. Silindrlə əlaqələndirilən boruya rezin kürəcik (5) birləşdirilir (a). Rezin kürəciklə silindrə hava vurduqda efir sürətlə buxarlanır və silindr soyuyur. Bu zaman cilalanan divarın səthi tərləyir - şeh damcıları yaranır. Deməli, su buxarı doymuş buxara çevrilmişdir. Həmin an termometr şeh nöqtəsinə uyğun temperaturu göstərir. Şeh nöqtəsi və havanın temperaturunu bilməklə xüsusi cədvəllərin (bax: cədvəl 3.6 və 3.7) köməyi ilə havanın mütləq və nisbi rütubətini təyin etmək olur. Qeyd edək ki, belə hiqrometrlə tədqiqat aparmaq nə qədər cəlbedici olsa da, onunla aparılan ölçmələrdə müəyyən xətalara yol verilə bilər. Hazırda rütubəti daha dəqiq və ani ölçən rəqəmsal hiqrometrlərdən istifadə edilir (b).