Qeyd edək ki, yalnız mütləq rütubəti bilməklə verilən şəraitdə havadakı su buxarının onun doyma halından nə dərəcədə fərqləndiyini təyin etmək olmur. Əgər Yer kürəsinin atmosferindəki su buxarı doyan halda olsaydı, onun bütün səthi heç vaxt qurumayan su damcıları ilə örtülərdi. Əksinə, su buxarı doyma halından çox-çox az olarsa, təbiətə böyük ziyan vuran quraqlıq baş verər.
Verilmiş temperaturda su buxarının doyan buxardan nə qədər fərqləndiyini müəyyən etmək üçün nisbi rütubət adlandırılan fiziki kəmiyyət qəbul edilmişdir.
Burada φ - nisbi rütubət, ρ - verilən temperaturda havadakı
su buxarının sıxlığı, ρ0 - həmin temperaturda havada doyan halında olan su
buxarının sıxlığıdır.
İnsan dərisinin səthindən suyun buxarlanma sürəti havanın nisbi rütubətindən asılıdır. Nisbi rütubət
artanda insan bədənindən suyun buxarlanması azalır. Nəticədə orqanizmin istilik tarazlığı pozulur, nəfəs
almaq çətinləşir və insan özünü pis hiss edir. Quru havada isə su dəridən sürətlə buxarlanır, insan çox
tərləyir, dodaqlar, nəfəs yollarının selikli qişası quruyur və o özünü yenə də pis hiss edir. İnsan
həyatı üçün havanın nisbi rütubətinin 50-60% olması daha faydalıdır.
Müxtəlif temperaturlarda doyan su
buxarının ρ0 sıxlığı cədvəl 3.6-da verilmişdir.
Cədvəl 3.6. Müxtəlif temperaturlarda doyan su buxarının ρ0 sıxlığı
t, °C | ρ, q/m3 | t, °C | ρ, q/m3 | t, °C | ρ, q/m3 |
-5 | 3,2 | 7 | 7,8 | 15 | 12,8 |
0 | 4,8 | 8 | 8,3 | 16 | 13,6 |
1 | 5,2 | 9 | 8,8 | 17 | 14,5 |
2 | 5,6 | 10 | 9,4 | 18 | 15,4 |
3 | 6,0 | 11 | 10,0 | 19 | 16,3 |
4 | 6,4 | 12 | 10,7 | 20 | 17,3 |
5 | 6,8 | 13 | 11,4 | 30 | 30,3 |
6 | 7,3 | 14 | 12,1 | 50 | 83,0 |