Axşamçağı bağda əyləşən baba ilə Arif arasında maraqlı söhbət gedirdi:
- Baba, sabah hava necə olacaq?
- Sabah yağış yağacaq, oğlum.
- Baba, sən nədən bilirsən ki, sabah yağış yağacaq?
- Bunu mənə təbiət özü deyir. Kəndimizdəki dumana diqqət et: əgər duman ağaclardan yuxarıdadırsa, deməli, sabah yağış yağacaq. Əgər o, yerin səthinə yaxın yayılarsa, sabah
havanın quru olacağı gözlənilir.
Gecə və sübh tezdən vadidəki duman Günəşin çıxması ilə yox olursa, həmin gün isti hava
olacaq. Səhər şehinin bol olması da həmin gün havanın isti keçəcəyinə işarədir.
Havada həmişə su buxarı olur. O, Yer səthindəki suyun (okean, dəniz, göl və s.) buxarlanmasından
yaranır. İnsanların əhvali-ruhiyyəsi, heyvan və bitkilərin həyatı, habelə texniki və tikinti
obyektlərinin vəziyyəti havadakı su buxarının miqdarından asılıdır. Havadakı su buxarının miqdarı
havanın nəmliyini, başqa sözlə desək, rütubətliyini müəyyən edir.
Havanın rütubəti iki fiziki kəmiyyətlə xarakterizə olunur: mütləq rütubət və nisbi rütubət.
Mütləq rütubət — ədədi qiymətcə havanın 1m3 həcmindəki su buxarının kütləsinə bərabər olan kəmiyyətdir:
ρ = m
V
Burada ρ - mütləq rütubət (su buxarının sıxlığı),
V - havanın həcmi,
m - havada olan su buxarının kütləsidir.
1 m3-dəki su buxarının kütləsi çox kiçik olduğundan o, qramlarla ifadə olunur. Mütləq
rütubətin vahidi metr kubunda qram qəbul edilmişdir:
Mütləq rütubətin ρ = 20q
m3
olması o deməkdir ki, havanın hər 1m3 həcmində 20 q su buxarı
vardır.