Təchizat: şüşə qab, elektrik qızdırıcısı, su, termometr, ştativ.
İşin gedişi:
Termometri ştativə bərkidib qaba daxil edin, suyun temperaturunun necə yüksəldiyini və bu zaman onun daxilində gedən prosesi müşahidə edin (a).
Suyu qızdırdıqda bir neçə dəqiqədən sonra onun daxilindəki qabarcıqların artması müşahidə olunur.
Onların yaranmasının səbəbi suyun tərkibində həmişə həllolunmuş havanın və toz hissəciklərinin
olmasıdır. Su qızdıqca bu qabarcıqlara maye buxarlanır. Qabarcıqlar qapalı olduğundan onlardakı buxar
doyan buxardır. Mayenin temperaturu yüksəldikcə hər bır qabarcıqdakı buxar molekullarının sayı artması
nəticəsində buxarın qabarcığın divarına göstərdiyi təzyiq də artır. Nəticədə qabarcığın ölçüsü böyüyür
və o, arximed qüvvəsinin təsiri ilə mayenin səthinə doğru qalxır. Qabarcıqlar mayenin nisbətən az qızmış
təbəqəsinə gəldikdə onların daxilindəki buxar kondensasiya edir. Qabarcıqlar həcmcə kiçilərək yox
olur. Bu proses xüsusi səslə müşayiət olunur.
Su müəyyən temperatura - normal atmosfer təzyiqində 100°C-yə qədər qızanda konveksiya hesabına bütün
maye həcmində temperatur eyni olur. Bu zaman yuxarı qalxan qabarcıqların həcmi artıq kiçilmir.