Təchizat: kolba, stəkan, şüşə boru keçirilən tıxac, su (50 ml), spirt lampası,
metal lövhə, kibrit, ştativ (2 əd.).
İşin gedişi:
1. Kolbanı ştativə bərkidin, içərisinə yarıya qədər su töküb ağzını tıxacla qapayın.
2. Spirt lampasını yandırıb suyun qaynamasına və buxarın yaranmasına nail olun (a).
Gündəlik müşahidələr göstərir ki, açıq qabdakı ətrin, spirtin, suyun və digər mayelərin miqdarı tədricən azalır. Buna səbəb mayelərin buxarlanmasıdır.
Buxarəmələgəlmənin iki növü var: buxarlanma və qaynama.
Buxarlanma - mayenin sərbəst səthində baş verən buxarəmələgəlmədir. Buxarlanma necə izah
olunur?
Məlumdur ki, maye molekulları müxtəlif sürətlərlə xaotik hərəkət edir. Belə hərəkətdə olan molekullar
bir-biri ilə toqquşmaqla kinetik enerjilərini bir- birinə verir, nəticədə bəzi molekulların sürəti xeyli
artır. Mayenin səthinə yaxın olan və kifayət qədər böyük sürət almış molekullar qonşu molekulların
cazibəsinə üstün gələrək mayeni tərk edir. Mayenin sərbəst səthini tərk edən molekullar onun üzərində
buxar əmələ gətirir.
Molekulların mayenin sərbəst səthindən xaricə çıxma prosesi həmin mayenin buxarlanmasıdır.
Buxarlanma prosesində mayeni kinetik enerjisi böyük olan molekullar tərk edir, qalan molekulların
isə orta kinetik enerjisi kiçik olduğundan maye soyuyur.
Deməli, buxarlanma prosesində mayenin daxili enerjisi azalır. Bunu sadə təcrübədə sınaqdan çıxarmaq
olar: əlinizə bir neçə damcı odekolon damcıladın - dərhal əlinizin həmin hissəsində sərinlik hiss
edirsiniz. Buxarlanan odekolon soyumaqla yanaşı, əlinizdən də bir qədər istilik miqdarı alır.