Bərk cismin əriməsi mürəkkəb fiziki prosesdir. Bu mürəkkəbliyi cədvəl 3.1-dəki qiymətlərə əsasən qurduğunuz buzun temperatur-zaman qrafiki təsdiq edir (a).
Qrafikdən göründüyü kimi, buz müəyyən müddət -5°C temperaturdan 0°C ərimə temperaturuna qədər qızır
(qrafikdə: AB hissəsi), 0°C temperaturda isə əriməyə başlayır.
Qızdırıcının (spirt lampasının) fasiləsiz istilik verməsinə baxmayaraq, buz tam əriyənə qədər bu
temperatur dəyişməz qalır (qrafikdə: BC hissəsi).
0°C temperatura qədər qızdırıldıqdan sonra buza verilən istilik miqdarı onun kristal
qəfəsinin dağılmasına sərf olunur. Zərrəciklər arasındakı cazibə xarakterli qüvvələr onları əvvəlki
vəziyyətdə saxlaya bilmir. Nəticədə kristal zərrəciklərinin nizamlı düzülüşü nizamsız düzülüşə çevrilir:
maddə maye halına keçir. Ərimə prosesində temperaturun sabit qalması maddə zərrəciklərinin kinetik
enerjisinin dəyişməz qalması deməkdir.
Maddə tamamilə maye halına keçdikdən sonra verilən istilik miqdarı zərrəciklərin sürətini və kinetik
enerjisini artırır, mayenin temperaturu yüksəlir (qrafikin CD hissəsi).
Müxtəlif maddələrlə aparılan çoxsaylı təcrübələrdən aşkar edilmişdir ki, hər bir kristal maddə yalnız
özünəməxsus müəyyən bir temperaturda əriyir (bax: cədvəl 3.2).
Mayeni müəyyən temperatura qədər soyutduqda o, bərk hala keçir.