Qaranlıqda işıqsaçma xüsusiyyətinə malik işıldayan böcəklər, suda yaşayan bəzi canlılar və s. tabii şüalanma mənbələridir.
İnsanların düzəltdikləri elektrik közərmə lampası, kerosin çırağı və s. isə süni işıq və istilik mənbəyidir.
Cisimdən şüalanan enerji digər cisimlərin səthinə çatdıqda onun bir hissəsi həmin səth tərəfindən udulur, digər hissəsi isə əks olunur. Cisim şüalanan enerjini udduqda onun daxili enerjisi artır və o qızır. Tünd və açıqrəngli səthlər müxtəlif şüaudma qabiliyyətinə malikdir. Belə ki, tünd (qara) rəngli səthlər enerji şüalarını daha yaxşı udur, açıqrəngli səthlər isə, əksinə, şüaları daha yaxşı əks etdirir. Araşdırmada bunu istilik qəbuledicisi ilə yoxladınız: qəbuledicinin qara rəngli səthi daha çox enerji udduğundan qutudakı havanın daxili enerjisinin və temperaturunun artması nəticəsində havanın təzyiqi də artaraq manometrin qolundakı mayeni daha çox aşağı sıxır. Qəbuledicinin ağ rəngli səthi isə şüaları daha çox əks etdirdiyindən az enerji qəbul edir. Ondakı havanın daxili enerjisinin və temperaturunun az dəyişməsi nəticəsində təzyiqi də az artır, manometrin qolundakı mayeni cüzi aşağı sıxır. Cismin şüaudma xüsusiyyətinin onun səthinin rəngindən asılılığı texnika və məişətdə geniş istifadə olunur; məsələn, təyyarənin gövdəsi, adətən, gümüşü-ağ rənglə örtülür ki, o, atmosferin yuxarı qatlarında uçarkən günəş şüalarını çox əks etdirsin və az qızsın. Əksinə, Günəş enerjisindən qızdırıcı məqsədilə istifadə etmək üçün uyğun qurğuların səthi tünd rənglə boyanır. Belə qurğulara günəş batareyalarını, suqızdırıcıları və s. misal göstərmək olar.