II qanunauyğunluq: ardıcıl birləşmədə dövrənin tam gərginliyi bu dövrənin ayrı-ayrı hissələrindəki gərginliklərin cəminə bərabərdir:
U = U1 + U2 (2)
Burada U — ardıcıl birləşdirilən dövrədəki tam gərginlik,
U1 və U2 —bu dövrənin
ayrı-ayrı hissələrinin uclarındakı gərginlikdir. Bu qanunauyğunluq enerjinin saxlanması qanunundan çıxır.
Bilirsiniz ki, gərginliyin fiziki mənası - elektrik sahəsində 1 Kl elektrik yükünün yerdəyişməsi zamanı
bu sahənin gördüyü işi xarakterizə etməsidir. Bu iş hərəkət edən elektrik yüklərinin enerjisi hesabına
görülür. Odur ki elektrik dövrəsinin bütün hissəsinə sərf edilən enerji dövrənin ayrı-ayrı hissələrində
sərf olunan enerjilərin cəminə bərabərdir.
III qanunauyğunluq: ardıcıl birləşmədə dövrədəki tam müqavimət bu dövrənin ayrı-ayrı hissəsinin müqavimətləri cəminə bərabərdir.
RA = R1 + R2 (3)
Ardıcıl birləşdirilən R müqavimətli n sayda naqildən ibarət dövrənin RA tam müqaviməti bir naqilin müqavimətindən n dəfə böyükdür:
RA = nR (4)
Bu qanunauyğunluq müqavimətin naqilin uzunluğundan düz mütənasib asılılığından çıxır. Belə ki, ardıcıl
birləşdirilən naqilin ümumi uzunluğu artdığından onun tam müqaviməti də artır.
Naqillərin ardıcıl birləşdirilməsi məişətdə və texnikada geniş tətbiq olunur. Məsələn, elektrik zəngi
düymə ilə ardıcıl birləşdirilir, ona görə də zəng yalnız düyməni sıxıb dövrəni qapadıqda səslənir.
Elektrik açarları da işlədicilərə (lampa, elektrik ətçəkəni, televizor və s.) elə ardıcıl birləşdirilir
ki, onları lazım gələndə dövrəyə qoşmaq və ya dövrədən ayırmaq mümkün olsun.
Şəkildə təsvir edilən cərəyan mənbəyi, üç voltmetr, bir ampermetr, iki lampa və açardan ibarət elektrik dövrəsinin sxemini iş vərəqinə çəkin (c).