Elektrik dövrəsinin hissələrinin - cərəyan mənbəyi, ölçü cihazları, cərəyan işlədiciləri, birləşdirici məftillər - hər biri ayrılıqda müəyyən müqavimətə malik naqildir. Sadə elektrik dövrələrindən biri bu naqillərin ardıcıl birləşməsidir
Siz belə bir dövrəni araşdırdınız. Həmin dövrədə cərəyan mənbəyi, ampermetr və birləşdirici naqillərin müqaviməti lampaların müqavimətindən çox-çox kiçik olduğundan nəzərə alınmır. Deməli, araşdırmada müəyyən R1 və R2 müqavimətlərinə malik iki işlədici (lampa) dövrəyə ardıcıl birləşdirilmişdir. Ardıcıl birləşmədə üç qanunauyğunluq ödənilir.
I qanunauyğunluq: ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan şiddəti eynidir:
I1 = I2 = I.
Bu qanunauyğunluq onu göstərir ki, ardıcıl birləşmədə dövrədən cərəyan keçərkən naqillərin heç bir yerində elektrik yükü toplanmır: birinci naqildən vahid zamanda nə qədər elektrik yükü keçirsə, digər naqillərdən də həmin qədər yük keçir.