Təcrübələrdən məlum olmuşdur ki, mis elektrod turşu ilə kimyəvi reaksiyaya girdikdə elektronlarını itirərək müsbət yüklə elektriklənir. Sink elektrod isə, əksinə, turşu ilə kimyəvi reaksiyada turşudan elektron alaraq mənfi yüklə elektriklənir. Bu elektrodlar cərəyan mənbəyinin qütbləri adlanır - uyğun olaraq müsbət qütb və mənfi qütb (h). Beləliklə:
İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cərəyan mənbəyi qalvanik element adlanır. O, italyan bioloqu Luid Qalvaninin şərəfinə adlandırılmışdır: alim heyvanlar üzərində təcrübə apararkən əzələ yığılması zamanı elektriklənmə hadisəsini aşkar etmişdir.
Qalvanik elementlər bu gün ən geniş tətbiq olunan cərəyan mənbələrindən biridir, məsələn, sizə məlum olan batareya və akkumulyatorlar.
Müasir quru qalvanik element daxilində kömür çubuğu (1) olan sink qabından (2) ibarətdir. Kömür çubuğu içərisində manqan oksidi ilə kömür qarışığı olan kətan kisəciyində (3) yerləşdirilir. Kisəcik naşatır məhlulu ilə un qarışığından hazırlanmış qatı yapışqanla (4) əhatə edilir. Sink qab karton qutu (5) içərisinə qoyulur və üstdən qatran qatı ilə örtülür. Elementin daxilində gedən kimyəvi reaksiyalar nəticəsində kömür çubuq müsbət, sink qab isə mənfi yüklənir (i).