Naqildən elektrik cərəyanının uzun müddət keçməsi üçün onda elektrik sahəsi yaradılmalıdır.
Bu məqsədlə cərəyan mənbəyi
və ya generator
adlanan qurğudan istifadə olunur.
Cərəyan mənbələrinə misal olaraq elektrofor maşınını, müxtəlif batareyaları (quru qalvanik element)
(c) və ya akkumulyatoru (d), sabit maqnitli cərəyan generatorunu
(e), günəş batareyasını (f) göstərmək olar. Müasir fizika
laboratoriyasında cərəyan mənbəyi kimi cərəyan düzləndiricilərindən də (g) geniş
istifadə olunur.
Cərəyan mənbələrində yüklü zərrəciklərin ayrılma prosesi gedir. Bu prosesdə mexaniki, kimyəvi, daxili və
ya hər hansı başqa enerji növü elektrik enerjisinə çevrilir. Məsələn, elektrofor maşını və sabit
maqnitli generatorda mexaniki enerji, akkumulyatorda kimyəvi enerji, Günəş batareyasında işıq şüalarının
enerjisi elektrik enerjisinə çevrilir.
Müasir cərəyan mənbəyinin yaradıcılarından biri italyan alimi Alessandro Volta olmuşdur. O müəyyən
etmişdir ki, mis və sink lövhələrinin arasında turşuda isladılmış parça yerləşdirdikdə mis lövhə müsbət
yüklə, sink lövhə isə mənfi yüklə elektriklənir. Bu o deməkdir ki, lövhələr arasında yüklərin
bölünməsi baş vermişdir. Elektrod adlandırılan bu lövhələri naqillə birləşdirdikdə həmin
naqildə elektrik cərəyanı yaranır.