1.3. İstilik tarazlığı. Temperatur şkalaları
Termometr otaq havasının
temperaturunun 20°C
olduğunu göstərir.
- Otaqdakı masanın, masa
üzərindəki vərəq, karandaş,
qələm, metal xətkeş
və s. əşyaların temperaturunu
necə müəyyən
etmək olar?
- Termometri bu əşyaların
hər birinə ayrılıqda toxundurmaqmı
lazımdır?
Bu suallara cavab vermək üçün hər bir əşyanın temperaturunu ayrı-ayrılıqda
ölçməyə ehtiyac yoxdur. Havanın uzun müddət otaqdakı bütün əşyalarla
təmasda olması nəticəsində istilik tarazlığı yaranır.
İstilik tarazlığında cisimlərin molekullarının uzun müddət qarşılıqlı təsirləri
nəticəsində onların orta kinetik enerjilərinin bərabərləşməsi baş verir: böyük
enerjili molekullara malik “isti” cisim öz istiliyinin bir hissəsini kinetik enerjisi
kiçik olan molekullara malik “soyuq” cismə verir. Cisimlər arasındakı belə istilik
mübadiləsi onların molekullarının orta kinetik enerjiləri bərabərləşənə qədər davam
edir.
ARAŞDIRMA
Təchizat: enli şüşə banka, isti su, təxminən eyni ölçüdə metal və taxta qaşıq, şüşə və
plastmas çubuq, laboratoriya termometri.
İşin gedişi:
- Bankaya yarıdan yuxarı isti su tökün və termometri
ora daxil edin.
- Qaşıq və çubuqları ucları kənarda qalmaqla şəkildəki
kimi suda yerləşdirib 5–6 dəq termometrin
göstəricisini müşahidə edin.
- Bankaya, qaşıq və çubuqlara ayrı-ayrılıqda toxunun.
Termometrin göstəricisi və sudakı əşyaların istilikləri
haqqında hiss etdiklərinizi müzakirə edin.
Nəticəni müzakirə edin:
- Sudakı termometr neçə dərəcəni göstərir?
- Suda yerləşdirilən əşyaların temperaturları haqqında nə deyə bilərsiniz?
- Bu əşyaların hər birinə ayrılıqda toxunduqda hansını daha isti hiss etdiniz?
- Nə üçün tava, çaydan və qazanlar metaldan, dəstəkləri isə plastmasdan, yaxud
taxtadan hazırlanır?