Elektrik hadisələrinə dair elmi araşdırmalarda çox vaxt böyük miqdarda müxtəlif işarəli elektrik yüklərindən istifadə etmək lazım gəlir. Bu yükləri isə adi ebonit və ya şüşə çubuğu parçaya sürtməklə əldə etmək mümkün deyildir.
Kondensator latınca "sıxlaşma" mənasını verir. Ən sadə kondensator
müstəvi kondensatordur. O, aralarında nazik dielektrik qatı (məsələn, hava) olan
bir-birinə yaxın yerləşmiş iki paralel metal lövhədən ibarətdir (a). Bu lövhələr
kondensatorun köynəkləri də adlanır. Kondensator lövhələri mütləq qiymətcə bərabər, işarəcə əks
yüklərlə elektriklənir. Həmin yüklər qarşılıqlı cəzbetmə nəticəsində lövhələrdə saxlanır.
Kondensatorun elektrik yükünü toplamaq qabiliyyəti elektrik tutumu adlanan fiziki kəmiyyətlə
xarakterizə olunur. Elektrik tutumu böyük olan kondensator köynəklərində daha çox elektrik yükü
toplayır.
Leyden bankası adlandırılan (Hollandiyanın Leyden şəhərinin adını daşıyır) ilk kondensatoru
holland alimi Piter Muşenbruk hazırlamışdır. Leyden bankası aşağıdakı hissələrdən ibarətdir
(b): 1- şüşə banka, 2 - metal folqa: daxildən və
xaricdən bankaya örtülən bu folqa kondensator köynəkləridir, 3 - metal çubuq,
4 - elastik metal kontaktlar (onlar metal çubuğu daxili köynəklə birləşdirir).