Bir cismin yüklü olub-olmadığını, yüklüdürsə. onun hansı növ yüklə elektrikləndiyini keyfiyyətcə aşkar
etmək məqsədilə istifadə olunan ən sadə cihaz elektroskopdur (yunanca elektron və skopeo - müşahidə
etmək, aşkarlamaq). Onun iş prinsipi yüklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır.
Elektroskop dielektrik ayaqlıq (1) üzərinə bərkidilmiş gövdədən (2) ibarətdir. Gövdə iki tərəfdən şüşə
örtüklə (3) qapanmışdır. Gövdənin üst hissəsindəki dəliyə dielektrik tıxac (5) geydirilir. Tıxacdan
ucuna nazik kağızdan (və ya alüminium folqadan) hazırlanan iki "yarpaq" (6) yapışdırılmış metal mil (4)
keçirilmişdir (a). Elektroskopun daha çox yüklənməsi məqsədilə milinin sərbəst ucu metal sfera ilə
təchiz olunur (b).
Yüklənmiş cismi elektroskopun metal milinə və ya sferaya toxundurduqda mil və yarpaqlar eyniadlı yüklə
elektriklənir. Nəticədə yarpaqlar bir-birindən itələnərək açılır. Elektroskop nə qədər çox yüklənərsə,
yarpaqlar daha çox açılır.