Araşdırmadan cisimlərin yeni xassəsini aşkar etdiniz: cisimlər elektriki keçirən və keçirməyən olur. Metal kürələri məftillə əlaqələndirdikdə sağ kürədən elektrik yükü sol kürəyə keçir və kağız lenti cəzb edir. Deməli, metal məftil elektrik yüklərini yaxşı keçirir.
Keçiricilərə metallar, duz və turşunun suda məhlulları və s. aiddir.
Nə üçün keçiricilər elektrik yükünü asanlıqla keçirir?
Keçirici maddələrdə bütün istiqamətlərə sərbəst hərəkət edə bilən yükdaşıyıcılar mövcuddur. Metallarda
bu yükdaşıyıcılar atomu tərk etmiş sərbəst elektronlar, məhlullarda isə mənfi və müsbət
ionlardır.
Keçiriciləri elektrikləndirdikdə elektrikyükdaşıyıcıları cismin səthində bütün istiqamətlərə paylanır. Bu səbəbdən əlinizdə tutduğunuz metal çubuğu sürtünmə ilə elektrikləndirmək mümkün deyildir, çünki insan bədəni də keçirici olduğundan yaranan elektrik yükləri bədəninizə keçir.
Apardığınız araşdırmada metal kürələri polietilen iplə əlaqələndirdikdə sağ kürədən sol kürəyə elektrik yükü keçmir. Ona görə də kağız lent tərpənməz qalır. Deməli, polietilen (və ya rezin) ip elektrik yüklərini keçirmir.
Dielektriklərə plastmas, rezin, şüşə, ebonit, quru taxta, hava, saxsı və s. aiddir. Dielektriklərdən hazırlanan cisimlər izolyator adlanır. Keçirici elektrik alətlərinin dəstəkləri izolyatordan hazırlanır.
Dielektrikləri də elektrikləndirmək mümkündür, lakin onlarda elektrik yükləri hərəkət etmir: sürtünmə və ya toxunma ilə dielektrikdə yaranan elektrik yükləri yarandığı yerdə də qalır. Məsələn, şüşə çubuğun bir hissəsini yun parçaya sürtməklə mənfi, digər hissəsini isə ipək parçaya sürtməklə müsbət yüklə elektrikləndirmək olar.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNTəchizat: plastmas ştativə bərkidilən metal kürə, plastmas ştativin ucuna yapışdırılmış nazik kağız lent, metal çubuq, şüşə çubuq, yun (və ya ipək) parça, rezin əlcək, mis məftil.