5.3. Keçiricilər və dielektriklər
Elektrik çilingərləri iş zamanı rezin əlcək geyinir və ya dəstəyi
rezin, plastmas olan ləvazimatlardan istifadə edirlər.
- Nə üçün elektrik işlərində dəstəyi rezin (və ya plastmas) olan ləvazimatlardan istifadə edilir?
ARAŞDIRMA-1
- Elektriki keçirən və keçirməyən cisimlər
Təchizat: plastmas ştativə bərkidilən metal kürə
(2 əd.), plastmas ştativin ucuna
yapışdırılmış nazik kağız lent, alüminium (və ya mis) məftil, polietilen
(və ya rezin) ip, şüşə
çubuq, yun (və ya ipək) parça.
İşin gedişi:
- Plastmas ştativləri masa üzərində bir düz xətt boyunca yerləşdirin. Şüşə çubuğu elektrikləndirib sağ
kürəyə toxundurun (a). Bu zaman kağız lentin özünü “necə aparmasına” diqqət edin.
- Kürələri alüminium (və ya mis) məftillə birləşdirib təcrübəni təkrarlayın. Kağız lentdə baş verən
dəyişikliyi izləyin (b).
- Kürələrə əlinizlə toxunub onları elektriksizləşdirin. Sonra onları birləşdirən məftili polietilen iplə əvəz edib təcrübəni bir daha təkrarlayın və kağız lent
üzərində müşahidə aparın (c).
Nəticəni müzakirə edin:
- Elektrikləndirilmiş şüşə çubuqla sağdakı kürəni elektrikləndirdikdə sol kürənin yaxınlığındakı kağız
lentin vəziyyətində bir dəyişiklik müşahidə etdinizmi?
- Niyə bir-biri ilə metal məftillə əlaqələndirilən kürələrdən sağ kürəni elektrikləndirdikdə kağız
lent yaxınlığındakı sol kürəyə tərəf cəzb olundu?
- Kürələri polietilen (və ya rezin) iplə əlaqələndirib sağ kürəni elektrikləndirdikdə sol kürənin
yaxınlığındakı kağız lent nə üçün tərpənməz qaldı?
- Araşdırmadan hansı nəticəyə gəlmək olar?