Mənfi elektrik yükünə malik ilk zərrəciyi 1897-ci ildə ingilis alimi Cozef Tomson aşkar edir. Elektron adlandırılan bu zərrəcik ən kiçik mənfi elektrik yükünə malikdir.
Elementar yük e hərfi ilə işarə edilir:
e = 1,6 · 10-19Kl.
Elementar yük çox kiçikdir, lakin nəzərə alınsa ki, maddənin kiçik bir hissəsində on milyonlarla atom var, cisimdə olan elektronların sayını yalnız təsəvvür etmək olar. Elektronlar atomun tərkibinə daxildir. Atom adi şəraitdə elektroneytraldır. Bu o deməkdir ki, atomun tərkibində modulu elektronların elektrik yüklərinin cəminə bərabər olan müsbət işarəli zərrəcik də olmalıdır. Bu zərrəciyi 1911-ci ildə ingilis fiziki Ernest Rezerford apardığı araşdırmalardan təyin edir.
O müəyyənləşdirir ki, atom - mərkəzində müsbət yüklü nüvə və nüvə ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarətdir. Sonralar müəyyən edilir ki, atomun nüvəsi proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət elektrik yükünə malik zərrəcikdir. Neytronun isə elektrik yükü yoxdur, o elektroneytraldır.