4.4. Reaktiv mühərrik
Fərz edək ki, siz astronavtsınız və kosmik
stansiyanın çölündə təmir işləri görürsünüz.
Təsadüfən kəndir açılmış və siz yavaş-yavaş
uzaqlaşan kosmik stansiyadan 5–6 m
aralıda, açıq kosmik fəzada asılı vəziyyətdə
qalmısınız.
Əlinizdə təmir alətlərindən savayı heç nə
yoxdur. Stansiyaya qayıda bilməsəniz, uzun
müddət açıq kosmosda qalıb məhv ola bilərsiniz.
- Kosmik boşluqda uzaqlaşan kosmik
stansiyaya qayıtmaq üçün nə edərdiniz?
ARAŞDIRMA-1
- Bu hansı istilik mühərrikinin modelidir?
Təchizat: sınaq şüşəsi, spirt lampası, tutqacı olan ştativ,
mantar tıxac, su (40–50 ml) və sap.
İşin gedişi:
- Sınaq şüşəsinə su töküb ağzını tıxacla kip qapayın.
- Sınaq şüşəsini üfüqi vəziyyətdə ştativdən asıb spirt
lampasının alovunda qızdırın (a).
- Su qaynadıqdan sonra baş verən hadisəni yoldaşlarınızla
müzakirə edin.
Nəticəni müzakirə edin:
- Su buxarı tıxacı kənara atdıqda sınaq şüşəsini onun
hərəkətinin əksi istiqamətinə itələyən nədir (b)?
- Eksperimentdə hansı enerji çevrilmələri baş verdi: su
buxarının daxili enerjisi nəyə sərf olundu?
- Siz hansı istilik mühərrikini modelləşdirdiniz?
Apardığınız araşdırmada müşahidə etdiniz ki, qarşılıqlı təsirdə olan iki cisim
(sınaq şüşəsi və tıxac) bir-birindən itələnərək əks istiqamətlərə hərəkət edir.
-
Cisimdən bir hissə ayrılaraq hərəkət etdiyi zaman cismin özünün əks
istiqamətdə hərəkət alması reaktiv hərəkətdir.
Cisimlərə reaktiv hərəkət verən müasir istilik mühərriki – reaktiv mühərrikdir.