Statistika göstərir ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların, xüsusilə də məktəblilərin yol hərəkəti qaydalarını ya bilməmələri, ya da bilərəkdən əməl etməmələri üzündən baş verir.
İntizamsız hərəkət etməklə biz həm özümüzü, həm də sürücülərin həyatını təhlükə altına atmış oluruq. Bununla yanaşı, yol-nəqliyyat hadisələri dağıntıya, əmlakın sıradan çıxmasına da səbəb olur.
Bu təhlükələrlə rastlaşdıqda nə etməliyik?
İllər öncə yolayrıclarında hərəkəti nizamlayıcı şəxslər tənzimləyirdilər. Hal-hazırda onların yerini işıqforların tutmasına baxmayaraq, yenə də nizamlayıcılar yolayrıclarının yanında növbə çəkir, hərəkətə nəzarət edir, ehtiyac yarandıqda, hərəkətə müdaxilə edirlər. Sizcə, buna səbəb nədir?
Sizcə, nizamlayıcı şəxslərin müdaxiləsinə nə zaman ehtiyac duyulur?
Əvvəllər avtomobillərin az olduğu vaxtlarda maşın və piyadalar küçələrdə sərbəst hərəkət edirdilər. Heç bir qəza baş vermir və xoşagəlməz hadisələr qeydə alınmırdı. Qəzalara nadir hallarda təsadüf olunurdu. Lakin indi avtomobillərin sayı hədsiz dərəcədə artıb. Bu isə hərəkəti çətinləşdirir, tıxacların yaranmasına, hətta insanların xəsarət almasına səbəb olur. Buna görə də əksər ölkələrdə insanların həyatını qorumaq məqsədilə nəqliyyat vasitələri və piyadalar üçün xüsusi qaydalar hazırlanmışdır.