Hörümçəklər içərisində zəhərli növlər çox azdır. Respublikamızda 2 zəhərli hörümçək növünə təsadüf edilir. Bunlar qaraqurd və tarantuldur. Qaraqurdun zəhəri heyvanlar və insanlar üçün qorxuludur. Bizim ölkədə isə yayılan növlərin zəhəri nisbətən zəifdir. Orta Asiyada yayılan hörümçək növlərinin zəhəri atı, inəyi, hətta dəvəni belə öldürə bilir. Hörümçəklərin sancması zamanı baş və əzələ ağrıları, ürəkbulanma və zəiflik, tənəffüsün çətinləşməsi, qızartı, şişkinlik, iltihab kimi əlamətlər müşahidə olunur.
Nurgün yayı Naxçıvanda nənəsigildə keçirdi. O, burada uşaqlarla topla oynayan zaman top həyətdə yığılmış daşların yanına düşdü. Nurgün topu götürmək istədikdə burada əqrəb gördü. O hansı təhlükəsizlik qaydalarına əməl etməlidir?
Əqrəblər də insanlar üçün təhlükə törədə bilir. Onlar özünümüdafiə üçün olan zəhərli neştərlə insanı sancdıqda zəhər yaraya axır. Əqrəblər gündüzlər gizlənir, gecələr isə ov edir. Onlara daş altında, divar daşları arasında, torpaqda rast gəlinir. Respublikamızda 3 növ əqrəb yaşayır. Sarı və boz əqrəbin zəhəri zəif, qara əqrəbin zəhəri isə çox güclüdür və xüsusilə uşaqlar üçün təhlükəlidir. Onun dişlədiyi insan 10-15 gün çox ağır xəstə olur.
Özünü və ətrafdakı insanları təhlükədən qorumaq üçün xilasetmə və təhlükəsizlik qaydalarını bilmək lazımdır. Bunlar aşağıdakılardır:
Təhlükəni öncədən görmək
Təhlükədən qaçmaq
Qəti və dəqiq hərəkət etmək
Qorxmamaq, özünü itirməmək
Təhlükədə olanlara köməyə çatmaq
Yardım çağırmaq
Sona qədər mübarizə aparmaq
Otlaq gənələri hörümçəkkimilər dəstəsinə aiddir. Onlar ensefalit xəstəliyinin keçiricisidir. Bu gənələr haqqında məlumat toplayın və onlardan qorunmaq yollarını müəyyən edin.