Qurani-Kərim bəşər övladına münasibətdə diqqətli olmağı və onun qayğısına qalmağı, günahı bağışlamağı əsas cəhət, müsbət keyfiyyət sayır: "Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən yaxşıdır".
Həzrəti Məhəmməd, hər şeydən əvvəl, beşikdən məzaradək elm öyrənməyi tövsiyə edirdi. insanın formalaşmasında Məhəmməd peyğəmbər tərbiyəyə daha çox əhəmiyyət vermiş və xüsusilə qeyd etmişdir ki, "Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz". Peyğəmbərin bu fikri bu gün də öz dəyərini saxlayır. Həzrəti Məhəmməd övladlarına layiqli tərbiyə verməyi, onların əxlaqının saflaşdırılmasının qayğısına qalmağı ata-anaların borcu saymaqla yanaşı, eyni zamanda övladlardan tələb edirdi ki, valideynlərinə hörmət və ehtiram göstərsinlər, ehtiyac duyduqda kömək əllərini onlara uzatsınlar ("Ömrün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram etsin", "Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar"). Peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd-nəsihətlərini eşitməyə çağırırdı. Həzrəti Məhəmməd mərhəmət və yaxşılıqdan söz açarkən məzlumlara əl tutmağın vacibliyini göstərir; qeyd edirdi ki, Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir.
Belə bir fikir də var ki, mərhəmət edənlərə Allah da mərhəmət edər. Bu o deməkdir ki, insan xeyirxahlıq edərsə, nə vaxtsa etdiyi yaxşılıq onun qarşısına çıxır. Həzrəti Məhəmməd insanlara bir iş görmək istəyəndə həmin işin nəticəsini əvvəlcədən düşünməyi məsləhət bilirdi ("Bir iş görmək istəsən, sonunu düşün, sonu xeyirdirsə, ondan yapış, şərdirsə, fikrindən daşın").