Din insanları daim əxlaqlı yaşamağa çağırır. Ona görə də hesab olunur ki, din insanların səadətə çatmaq üçün inanaraq həyatlarına tətbiq etdikləri əxlaqi dəyərlərin cəmidir.
Əxlaq anlayışının dində yeri çox böyükdür. Həm çoxallahlı, həm də təkallahlı dinlərin əsasını inamla yanaşı, əxlaq da təşkil edir.
Zərdüşt dininin müqəddəs kitabı olan "Avesta"da da tərbiyə insan üçün zəruri bilinən ən mühüm həyati tələbat kimi nəzərdə tutulur. Hamının tərbiyəyə möhtac olduğu və cəmiyyətin hər bir üzvünə ədəb-ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi öyrədilməsi vacib bilinir.
Tarixi biliklərinizə əsasən Zərdüşt dininin ideyaları haqqında məlumat verin.
Tövratda göstərilir ki, Allah qorxusu insanları bəd əməllərdən, cinayətkarlıqdan çəkindirir, vicdanlı işləməyə istiqamətləndirir. Digər dinlərdə olduğu kimi, xristianlıqda da "Öldürmə!", "Oğurlama!", "Əxlaqsızlıq etmə!" ifadələri insanın mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.
İslam dini elmin bir çox sahələrini - fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi, psixologiyanı, pedaqogikanı və s. birləşdirir. İslam dinində, onun müqəddəs kitabı olan Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin hədislərində zəngin tərbiyəedici fikirlər xüsusi yer tutur. Valideynlərə hörmət, əxlaq, vətən, məhəbbət, vicdan, təmkinli olmaq, mülayimlik, yaxşılıq, təvazökarlıq, qonaqpərvərlik, həya, elm, şərəf və s. barədə Məhəmməd peyğəmbər qiymətli fikirlər söylənilmişdir.