Müsbət cəhətlərə malik olan insanlar əxlaqlı, namuslu, ləyaqətli insan kimi cəmiyyətdə öz layiqli yerini tutur.
Cəmiyyət qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq inkişaf edir. Hər kəsin digərinə hörmətlə yanaşması, ətrafındakılara tolerant münasibət göstərməsi əxlaqi dəyərlər kimi qiymətləndirilir. insan azad olsa da, cəmiyyətdə özünüidarəetmə bacarığına malik olmalı, əxlaqlı davranmaqla ətrafındakılara hörmət etməlidir.
Gündəlik həyatınızda (evdə, küçədə və məktəbdə) əməl etməli olduğunuz davranış qaydalarına aid nümunələr göstərin.
İnsanların əxlaqlı davranışı iradə ilə çox bağlıdır. İradəli insanlar daim əxlaq qaydalarına riayət etməklə başqalarına nümunə göstərirlər. Bəzən siz hər hansı pis vərdişlərinizi özünüzdən uzaqlaşdırmaqda çətinlik çəkirsiniz. Lakin əxlaqlı və tərbiyəli olmaq üçün böyük iradə sərf etməklə mənfi xüsusiyyətlərinizi aradan qaldıra bilərsiniz. Müsbət əxlaqi keyfiyyətləri: əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s. kimi müsbət xüsusiyyətləri özünüzdə formalaşdırmağa çalışın. Mənfi əxlaqi keyfiyyətlərdən: xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. kimi pis vərdişlərdən uzaq olun.
Əxlaqi hisslər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Bu hisslər insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bəzən hər hansı bir hadisəni qiymətləndirmək məcburiyyətində oluruq. Bu zaman məhz əxlaqi hisslərin köməyi ilə qərarlar veririk. Vicdanımız ədalətsiz qərar çıxarmağımıza mane olur.
İctimai nəqliyyatda əxlaq qaydalarına zidd olan hansı hadisələrlə qarşılaşmısınız? Bu vəziyyətdə siz necə hərəkət edərdiniz?
Əxlaq normaları böyük bir tarixi dövr ərzində formalaşır. İnsanların tələbat və həyati maraqlarını, eləcə də bir çox nəsillərin dini və dünyəvi təcrübəsini əxlaqi dəyərlər özündə əks etdirir. Əxlaqi dəyərlərin formalaşmasında bütün digər amillər kimi, dinin də rolu danılmazdır.