Mədəniyyətlərin formalaşması və inkişafında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynamışdır. Milli-mənəvi dəyərləri şərtləndirən dil, din və adət-ənənə kimi amillər hər bir xalqın formalaşmasına həlledici təsir göstərir.
Əxlaqi dəyərlər insanların bir-birinə sevgisi, məhəbbəti, şəfqəti, mərhəməti, qarşılıqlı qayğı və yardımetmə hissidir. Əxlaqi dəyərlərin milli və ya coğrafi bölgüsü, sərhədi yoxdur. Dünyada elə bir xalq, millət tapılmaz ki, onlarda valideynə ehtiram, böyüklərə hörmət, kiçiklərə, xəstə və kimsəsizlərə qayğı, dövlətə, yaxınlara sevgi hissi tərbiyə edilməsin. Bu cür əxlaqi dəyərlərin təbliği sağlam cəmiyyətin qurulması üçün vacibdir.
Əxlaqi mədəniyyətin əsasını insanların maraqları, tələbat və xarakterdən ibarət dəyərlər təşkil edir. İnsanların mədəniyyəti onların irsi keyfiyyət və tərbiyəsindən, eləcə də cəmiyyətin maddi rifahından asılıdır.
Kiçik yaşlarımızdan böyüklərimizdən - ata-anamızdan, müəllimlərimizdən "dürüst ol", "doğru hərəkət et", "yalan danışma", "insanlara hörmət et", "başqalarının haqqını əlindən alma", "darda olan insanlara kömək et", "sinif yoldaşlarına qarşı diqqətli ol" və s. bu kimi əxlaqi dəyərlərimizə xidmət edən nəsihətlər eşidirik.