Konstitusiyamızda respublikamızın dövlət quruluşunun demokratik, hüquqi, dünyəvi və unitar olduğu bəyan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın milli-mənəvi dəyərlərinə, o cümlədən dininə böyük hörmət və ehtiramla yanaşmışdır. Ulu öndər sovet dövründə sökülərək ləğv edilmiş Bibiheybət məscidini yenidən bərpa etdirmişdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Vətən qarşısında mənəvi borcunu layiqincə həyata keçirir. Dinə hörmətlə yanaşan Prezident İlham Əliyev ölkəmizdə dini bayramların da yüksək səviyyədə qeyd olunmasına şərait yaradır.
Mənəvi borcun bir hissəsi olan xeyriyyəçilik vətənə və xalqa olan sevginin nümunəsidir. Tarixən xalq və vətən qarşısında mənəvi borcunu yerinə yetirən Azərbaycan oğullarından biri də Hacı Zeynalabdin Tağıyev olmuşdur. Xeyriyyəçiliklə məşğul olan bu şəxs 1901-ci ildə Bakıda ilk müsəlman qızlar məktəbini tikdirmişdir. Bu bütün Cənubi Qafqazda yeganə qızlar məktəbi idi. Onun maarifpərvər xidmətləri sayəsində ölkəmizdə qəzet və jurnallar çap edilmişdir. H.Z.Tağıyevin köməkliyi ilə 1905-ci ildə yaradılmış Müsəlman Xeyriyyə Cəmiyyəti Azərbaycanın şimalında ilk xeyriyyə cəmiyyəti idi.
Daha hansı xeyriyyəçiləri tanıyırsınız? Onların gördüyü işləri nümunə gətirməklə mənəvi borcu izah edin.
Bu gün hər bir kəsin dövlət, və vətən qarşısında öz vətənpərvərlik borcu var. Vətəni qorumaq, sevmək hər birimizin mənəvi borcudur. Bu gün hər biriniz oxumaqla, sabah Azərbaycanın müstəqilliyini qorumaqla, müxtəlif sahələrdə çalışmaqla vətənə borcunuzu verəcəksiniz.