Bildiyiniz kimi, insanlar xarakterlərinə görə bir-birlərindən fərqlənirlər. Buna görə də onları "yaxşı adam" və ya "pis adam" kimi adlandırırlar.
İnsanların uyğun xarakterləri onlar arasında dostluq, yoldaşlıq, sevgi, rəğbət kimi hisslərin yaranmasına səbəb olur.
İnsanların xarakterləri fərqləndiyi kimi, onların digər insanlara qarşı münasibətləri də fərqlidir.
Bu xüsusiyyətləri nəzərə alaraq onları qruplaşdırmaq mümkündür.
Kollektivə və digər insanlarla münasibətə görə - məsuliyyətli, qayğıkeş, laqeyd, təvazökar;
Əməyə münasibətə görə - əmək- sevər, zəhmətkeş, tənbəl, zirək;
Özünə münasibətə görə - ləyaqətli, lovğa, şöhrətpərəst, eqoist, özünə hörmət edən;
Əşyalara münasibətə görə - səliqəli, pinti.
Belə hesab olunur ki, insanlar dünyaya gələndə onların beyni ağ kağıza bənzəyir. Ancaq vaxt keçdikcə hətta bir ailənin övladları belə müxtəlif xasiyyətli olur, insanlara münasibətlərinə görə bir-birindən fərqlənirlər. Onların biri cəmiyyətə yararlı, digəri isə yararsız vətəndaş ola bilər.
Sizcə, buna səbəb nədir?
İnsanlararası münasibətlərdə ümumi cəhətlər nə üçün əhəmiyyətlidir?