Siz ömrünüzün ən gözəl çağını - yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövrdə həyatın ən önəmli məqamlarından birini ünsiyyət prosesi təşkil edir. Buna görə də yeniyetmələr daha fəal ünsiyyətə can atır, bir-birlərinə müəyyən məlumatları ötürür və qəbul edirlər.
Lakin onu da unutmaq olmaz ki, bu yaş dövründə sizin maraqlarınız hələ tam formalaşmayıb, ona görə də müxtəlif insanlarla münasibətlərinizdə daha ehtiyatlı davranaraq təsir altına düşməməlisiniz.
Vaxtaşırı öz hərəkətlərinizi təhlil etməkdə fayda var.
Unutmayın ki, böyüklərlə münasibətdə təmkinli olub onlarla əməkdaşlığa hazır olduğunuz kimi, öz yaşıdlarınızla münasibətlərdə də xoşagəlməz davranışlara yol verməməlisiniz.
Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik, nəzakətlilik, empatiya* bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.
İnsanlararası münasibətlər, əsasən, bir-birini tamamlayır, bəzi hallarda isə konfliktlərə, münaqişələrə səbəb olur.
Münaqişələrin yaranma səbəblərini və bu zaman əməl etməli olduğunuz davranış qaydalarını yadınıza salın.
Yalnız məktəb direktoru, sinif rəhbəri, valideynlərinizlə deyil, sinif yoldaşlarınız, yaxın qohumlarınız, yaşıdlarınızla da münasibətdə ünsiyyət mədəniyyəti gözlənilməlidir.
İnsanlar arasında yaranan münaqişələrin idarə olunması üçün göstərilən yollardan biri də mübahisənin genişlənməsinə yol verməməkdir. Mübahisələr hansı səbəblərdən yarana bilər və bu mübahisələrin yaranmaması üçün nələrə diqqət edilməlidir?