İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri, potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.
Psixoloqlar hesab edirlər ki, bəzən temperament tipləri və xarakterləri müxtəlif olan uşaqlar daha yaxşı münasibət qura bilirlər.
Psixoloqların fikrincə, 4 temperament tipi var: sanqvinik, xolerik, fleqmatik və melanxolik.
Hansı temperament tiplərinə aid olan uşaqlar bir-biri ilə daha yaxşı ünsiyyət qururlar? Fikirlərinizi qruplarda müzakirə edib əsaslandırın.
Sanqvinik
Bu tipə aid insanlar zirək və diribaş olurlar. Tələskən, ünsiyyətcil, təşəbbüskardırlar. Oturaq işi sevmədiklərindən daim hərəkətdədirlər. Ətrafda baş verənlər onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər və onların maraq obyektləri tez-tez dəyişir. Böyük həvəslə başladıqları işi asanlıqla yarımçıq qoya bilirlər. istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilirlər. Son dərəcə emosionaldırlar. Onlar tezsevinib, tez də kədərlənirlər. Bu tip insanlar təsir altına tez düşürlər.
Fleqmatik
Bu tip insanlar qaradinməz, sakit, təmkinli olurlar. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyildir. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar istənilən halda hadisələrə hamıdan gec reaksiya verirlər. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik insanlar mehriban və istiqanlı olurlar. Sadəcə, onları yaxından tanımaq üçün bir qədər vaxt lazımdır. Zaman keçdikcə alışdıqları insanlara qarşı diqqətli və mehriban olur, rəfiqələri və dostlarına sevgi ilə yanaşırlar. Onlar vaxtilə incik düşdükləri insanlara da sayğısızlıq etmirlər.
Xolerik
Bu tipə aid insanlar son dərəcə coşqun və kəmhövsələdirlər, istənilən məsələyə dərhal reaksiya verirlər. Bu xasiyyətlərinə görə ətrafdakılarla yola getmir, tez-tez münaqişəyə girirlər. Adətən, səbirsiz, tündməcaz olurlar. inadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır, başladıqları işi sona çatdırırlar. istənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Bu tipə aid olan insanlar sadiqdirlər, yaxınlarına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
Melanxolik
Bu tip insanlar sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraldıcı hadisəni uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayır, kədərlənir, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsəlinə riayət etmir. Özlərindən çox narazı olduqlarından heç bir bacarıqlarını dəyərləndirmir və şəxsi keyfiyyətlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır.