Bəzən ailəyə kiçik dövlət də deyirlər. Dövlətin yaşaması və güclənməsi üçün onun gəlir mənbələri olmalıdır. Ailədə də belədir, dövlət kimi, onun da gəlirləri və xərcləri vardır. Gəlirlər və xərclər, başqa sözlə, pul maliyyənin əsasını təşkil edir. Elə maliyyə sözü də ərəbcədən dilimizə keçmiş, mənası "məhsulun, sərvətin dəyəri", yəni pul deməkdir.
Maliyyənin cəmiyyətin həyatında rolu nədən ibarətdir?
Hər birimiz müəyyən yaşa çatdıqda öz gəlirlərimizi və xərclərimizi idarə etməyi bacarmalıyıq.
Pulun düzgün xərclənilməsi dedikdə nə başa düşürsünüz?
Hər bir insanın cəmiyyətdə layiqli mövqe tutması üçün hədəfləri və məqsədləri olmalıdır. Məhz hədəfləriniz sizin gələcək maliyyə xərclərinizi müəyyən edir. Pul isə bu hədəflərə çatmaq üçün vasitələrdən biridir. Başqa sözlə, pulun özü hədəf deyil, əgər bu belə olarsa, onda siz böyük məqsədlərinizdən uzaq düşə bilərsiniz. Çünki qazandığınız pulları hər an itirmə təhlükəsi də var.