Köləliyin tarixi qədimdir. Tarixi mənbələrdən əldə olunan məlumatları nəzərdən keçirsək, görərik ki, insanlar təbəqələrə bölünmüş, güclülər zəifləri əzmiş, borc müqabilində və ya hər hansı bir səbəbə görə insanlar kölə olmağa məcbur edilmişdir. Tarixən qul kimi məhkum edilmiş insanlara "danışan alət", "gözünü yuxarı qaldırmayanlar" və s. bu kimi adlar verərək istismar etmişlər. Qədim Misirdə hətta qulları firon ölərkən onunla bərabər basdırırdılar. Onların inanclarına görə, firon axirətdə öz həyatına davam edərkən ona qullar lazım olacaqdır.
Müasir dövrdə insan istismarının hansı nümunələrini göstərə bilərsiniz?
Orta əsrlər dövründə və yeni dövrdə də insan hüquqlarının pozulmasına xeyli misallar gətirmək mümkündür. Buna nümunə kimi bəzi Avropa dövlətlərinin müstəmləkə siyasətini, müstəmləkələr uğrunda mübarizələri, həmçinin müharibələri də göstərmək olar.
İnsan hüquqları daha çox müharibələr zamanı pozulur. XX əsrdə baş verən iki dünya müharibəsi böyük tələfatlar, kütləvi qırğınlar və dağıntılarla yadda qalmışdır.
Birinci Dünya müharibəsi (28 iyul 1914-11 noyabr 1918) dövründə milyonlarla insan ölmüşdü. Minlərlə insan yurd-yuvasından didərgin düşmüş və rahat həyatından məhrum olmuşdu. 1939-cu ildə başlamış ikinci Dünya müharibəsi isə daha böyük tələfata, kütləvi qırğınlara yol açmışdı. ABŞ-ın Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombası atması ilə tarixdə ilk dəfə nüvə silahından istifadə edilmişdi.
Bu müharibə milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə çevrilmişdi.
Hitlerin başçılıq etdiyi nasistlər öz irqi üstünlük nəzəriyyəsini reallaşdıraraq milyonlarla
yəhudinin həyatına son qoymuşdular.
İkinci Dünya müharibəsində 100 minlərlə soydaşımız alman faşizminə qarşı qətiyyətlə mübarizə
aparmış, onların xeyli hissəsi öz həyatlarını qurban vermişdir.