Müasir dövrdə bəşəriyyət bir sıra problemlərlə üz-üzə dayanıb: sülhün və dayanıqlı inkişafın saxlanılması, sağlam ətraf mühitin qorunması, aclıq, cinayət, narkomaniya, terror, nüvə təhlükəsi və s. Bütün bunlar insanların, xalqların, bütövlükdə isə cəmiyyətin hüquqlarının pozulmasının əsas səbəbləri hesab olunur. Buraya irqi, dini və cinsi ayrı-seçkiiik siyasəti yürüdən qeyri-demokratik rejimləri də əlavə etsək, insan hüquqlarının pozulma səbəblərinin geniş mənzərəsi gözlərimiz qarşısında canlanar.
Sizcə, bir çox bəyannamələrin qəbul edilməsinə baxmayaraq, hələ də insan hüquqlarının pozulmasının səbəbi nədir?
Siz artıq keçdiyiniz müxtəlif fənlər vasitəsilə bəşəriyyətin qarşılaşdığı ekoloji problemlərlə tanış olmusunuz. Düşünün, sizcə, bu problemlər insanların hansı hüquqlarının pozulmasına səbəb ola bilər?
İnsan hüquqlarının qorunması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi demokratik dövlətlərin, müvafiq beynəlxalq qurumların diqqət mərkəzindədir. Azərbaycan Respublikasında da bu hüquqların qorunması üçün geniş qanunvericilik bazası yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəs doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqlara malikdir. Bu hüquq və azadlıqların təmin edilməsi dövlətin ali məqsədidir.