Bütün insanlar bərabərhüquqlu yaradılıblar və Allah tərəfindən müəyyən ayrılmaz hüquqlar bəxş olunmuşdur ki, bunların sırasına yaşamaq, azadlıq, xoşbəxtliyə can atmaq daxildir.
ABŞ-ın İstiqlaliyyət Bəyannaməsindən
Müasir insan hüquqları insanların üç əsas təbii hüququnu fərqləndirir: yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququ. Bu hüquqlar istər insan hüquqları ilə bağlı beynəlxalq müqavilə və sazişlərdə, istərsə də dövlətlərin konstitusiyalarında öz əksini tapıb. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında ikinci bölmə əsas insan hüquqlarını, azadlıqlarını və vəzifələrini özündə cəmləşdirir.
I. insan ləyaqəti qorunur və ona hörmət edilir.
II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
Azərbaycan Respublikasının Konstitusiyası, maddə 24
Bu maddənin III bəndi ilə bağlı müzakirələr edin, ətrafınızda başverən real hadisələrlə müqayisələr aparın.
Ölkəmizdə insan hüquqları ilə bağlı çoxlu sayda qanunlar qəbul olunmuşdur. Bu qanunlar Azərbaycan Respublikası vətəndaşlarına geniş hüquqlar verir. Konstitusiyamızda və digər qanunvericilik aktlarında təsbit olunmuş insan hüquqları və azadlıqlarının qorunması səlahiyyətli dövlət qurumlarının əsas vəzifələrindən biridir. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında qanun qəbul edilmişdir. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi yaradılmışdır.