Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə ekosistemlərinə, torpağın üst qatına dağıdıcı təsir göstərir, yanmış tullantı məhsulları ilə atmosferi və suyu çirkləndirir.
Meşə yanğınlarının ətraf mühitə necə təsir edə biləcəyini qruplarda müzakirə edin və nəticələri sinif yoldaşlarınızla bölüşün.
Təbii fəlakətlər nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısını almaq və gözlənilən fəsadları maksimum səviyyədə azaltmaq üçün mütəxəssislər müxtəlif təkliflər irəli sürür, tədbirlər planı hazırlayırlar.
Mütəxəssislər hesab edirlər ki, Yaponiyanın ən aktiv vulkanı Sakuracima növbəti 30 il ərzində püskürəcək. Yaxınlığında nüvə zavodunun, 600 000-ə yaxın əhalisi olan şəhərin olduğunu nəzərə alaraq yarana biləcək təhlükələri müəyyənləşdirin.
Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanın biganəliyi, təbii sərvətlərdən istifadə edərkən səhvlərə yol verməsi, təbiəti şüurlu surətdə dəyişməsi səbəbindən yaranır və nəticədə ekoloji sabitlik pozulur.
Şəkillərdə gördükləriniz haqqında nə deyə bilərsiniz? Ozon qatının dağılmasının qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyiniz barədə sinif yoldaşlarınızla müzakirə aparın.
Yer kürəsində əhalinin sayının sürətlə artması nəticəsində insanlar təbiətdən getdikcə daha çox yararlanırlar. Onlar daha geniş sahələri təsərrüfat dövriyyəsinə cəlb edir, təbii ehtiyatları daha çox hasil edirlər. Bütün bunlar da təbiətə atılan tullantıların artmasına və ekoloji fəlakətlərə səbəb olur.
Ekoloji fəlakətlər hərbi fəlakətlərdən də təhlükəlidir. Ona görə də dünya ölkələri bu fəlakətlərə qarşı mübarizə aparmaq üçün birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji problemlər isə qlobal ekoloji problemlərə çevrildiyindən bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ölkənin maraq dairəsini əhatə edən problemlərin həlli üçün ölkələrarası müqavilələr, sazişlər imzalanır.