Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası üçün hansı tədbirlər görülür?
Təbiət öz-özünü tənzimləmə gücünə malikdir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış, uzunsürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son dövrlərdə daha çox nəzərə çarpır.
Atmosferin, su hövzələrinin, torpağın çirklənməsinin səbəblərini və canlılara təsirini yadınıza salın və sinif yoldaşlarınızla müzakirə edin.Ekoloji tarazlığın pozulmasına həm təbii, həm də texnogen xarakterli hadisələr səbəb olur.
Təbii fəlakətlər - zəlzələ, sunami, torpaq sürüşməsi, meşə yanğını, quraqlıq, daşqın və s. hadisələr canlı aləm üçün əsl təhlükə mənbəyidir. Meşə yanğınları planetin ekoloji tarazlığını pozmaqla ciddi problemlər yaradır. Karbonun və suyun dövr etməsində meşələrin mühüm əhəmiyyət kəsb etdiyini artıq bilirsiniz. Meşələrin yanması bu həyati əhəmiyyət daşıyan prosesi pozur.
2010-cu ildə Böyük Britaniyada dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin reytinq siyahısı hazırlanmışdır. Bu siyahıya daxil edilmiş 221 meqapolis içərisində dünyanın ən təmiz şəhəri Kanadanın Kalqari şəhəri seçilmişdir. Siyahı hazırlanarkən aşağıdakılar nəzərə alınmışdır:
- içməli suyun keyfiyyəti;
- zibilin vaxtında təmizlənməsi;
- kanalizasiya şəbəkələrinin və çirkab sularının təmizlənmə vəziyyəti;
- bərpa olunan enerji mənbələrindən istifadənin səviyyəsi;
- şəhərlərdə səs-küyün səviyyəsi;
- avtomobillərin hərəkət intensivliyi və bununla əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi.
Sizcə, nə üçün məhz bu meyarlar əsas götürülmüşdür?