Kainat sonsuzdur. Siz kainatda çoxsaylı səma cisimlərinin: planetlər, təbii peyklər, asteroidlər, ulduzlar, kometlər, meteoritlər və s. olduğunu, onların qarşılıqlı əlaqə nəticəsində qalaktikanı yaratdığını bilirsiniz.
Bəs kainatda hansı hadisələr baş verir? Bu hadisələr necə öyrənilir?
Kainatda başverən hadisələr hansı qanunlara əsaslanır?
Əsrlər öncə astronomlar səmanı müşahidə etmək üçün sadə teleskopdan istifadə edirdilər. O dövrdə insanlar göy cisimlərinin hərəkətini izləsələr də, onların quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə bilmirdilər.
Müasir dövrdə alimlər kainatı tədqiq etmək üçün rəsədxanalarda müxtəlif cihazlar vasitəsilə göy cisimləri üzərində müşahidələr aparırlar. Hazırda göy cisimlərini müşahidə etmək üçün daha da təkmilləşdirilmiş müxtəlif teleskoplardan istifadə olunur.
"Great Canary" teleskopu
Rəsədxanalarda səmada baş verən dəyişiklikləri qeydə alan şüşə lövhələrin köməyi ilə ulduzların yerinin və parlaqlığının dəyişməsini, həmçinin kainatda baş verən hadisələri müşahidə etmək, onların səbəbini öyrənmək mümkündür.