Məşhur tarzən Bəhram Mansurov Bakı şəhərində 1911-ci ildə anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşdular. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o, tarlardan birini götürüb kökdən salana kimi çalırdı.
Beləliklə, Bəhramı artıq 19 yaşında Müslüm Maqomayev ilk notlu xalq çalğı alətləri orkestrinə, sonradan Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram operada Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi müğənni-xanəndələrlə birgə işləyir. Bəhram Mansurov Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Zeynəb Xanlarova və digər sənətkarlarla da çiyin-çiyinə çalışmışdır. 1978—1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı məhz Bəhram Mansurov təmsil etmişdir. O, 1978-ci ildə Xalq artisti kimi fəxri ada layiq görülmüşdür.
Mahnını dinləyərək və notla oxuyaq
«Rast» muğamından «Hüseyni» rəngi. İfa edir Bəhram Mansurov
Bu musiqi parçasını Bəhram Mansurovun oğlu bəstəkar Eldar Mansurov nota köçürmüşdür.