Azərbaycan Respublikasının Xalq artisti Şövkət Ələkbərova 1922-ci ildə Bakı şəhərində anadan olub. Onun anası qadınlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərinə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdı. Bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdi. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Gələcəyin böyük müğənnisi, eyni zamanda yeri gəldikcə mahnılar və muğamlardan parçalar da oxuyurdu. 1937-ci ildə Respublika Həmkarlar İttifaqının keçirtdiyi müsabiqədə Şövkət Ələkbərova qalib gəlir. Yekun konsert Opera və Balet Teatrının səhnəsində keçirilir və gənc müğənni «Qarabağ şikəstəsi» zərbi-muğamını ifa edir. Konsertdə iştirak edən Üzeyir Hacıbəyli onu M.Maqomayev adına Filarmoniyanın solisti təyin edir. Sonradan o həm də Azərbaycan Konsert Birliyinin solisti olur. 1959-cu ildə isə Xalq artisti kimi fəxri ada layiq görülür.
Şövkət Ələkbərova xalq mahnıları, muğamlar ilə bərabər, Səid Rüstəmovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun, Polad Bülbüloğlunun, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Rəcəbovun mahnılarını da böyük məharətlə ifa edir.
Musiqi dinləyək
«Qarabağ şikəstəsi». İfa edir Şövkət Ələkbərova
«Görüş», «Bəxtiyar», «Onu bağışlamaq olarmı» filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir.
Müğənninin bəstəkar Cahangir Cahangirovun «Füzuli» kantatasının II hissəsində oxuduğu «Məni candan usandırdı» romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır.