Azərbaycan Respublikasının Xalq artisti Müslüm Maqomayev (nəvə) 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından pianoda çalmağı və gözəl vokal ifaçılığı gələcəkdə onun böyük müğənni olacağından xəbər verirdi. Hələ 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərindəki uğurlu çıxışları ona böyük şöhrət gətirir. Müslüm Maqomayev 60-cı illərdə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının solisti olub, sonralar isə İtaliyanın Milan şəhərindəki La Skala Teatrında yaradıcılıq təcrübəsi keçib. Məşhur vokal ifaçısı Enriko Pyatsa ilə «Sevilya bərbəri» operasında Fiqaronun, «Toska» operasında Skarpianın rollarını böyük məharət və ustalıqla ifa etmişdir. İlk dəfə Parisdəki «Olimpiya» konsert salonunda böyük konsert verib.
1968-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını vokal sinfi üzrə bitirib. İlk beynəlxalq mükafatını Polşanın Sopot şəhərində keçirilən festivalda alan gənc müğənni Azərbaycan estrada-simfonik orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb və onun tərkibində uzun müddət Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib. Müğənni, eyni zamanda gözəl mahnıların müəllifi olub. Onun şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi «Azərbaycan» mahnısı xalq tərəfindən sevilib.
Musiqi dinləyək
Müslüm Maqomayev. «Şah İsmayıl» operasından «Aslan şahın ariyası»