Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu Xalq artisti, xanəndə Seyid Şuşinskinin sinfində bitirmişdir. Elə həmin ildən (1961) M.F.Axundov adına Opera və Balet Teatrında solist kimi işə başlayan müğənni Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Əsli və Kərəm» operalarında Leyli və Əsli surətlərinin gözəl ifaçısı olmuşdur. Zeynəb Xanlarova digər musiqi nümunələri ilə yanaşı, muğamları da məharətlə ifa etmişdir. «Çahargah» muğamının ilk qadın ifaçısı da məhz Zeynəb Xanlarova olmuşdur. Yaradıcılığı dövründə müğənni «Şahnaz», «Mahur», «Qatar», «Bayatı-Şiraz» və digər klassik muğamlarımızı ifa etmişdir. O eyni zamanda Azərbaycan və dünya xalqlarının mahnılarının, bəstəkar mahnılarının, Azərbaycan təsniflərinin mahir ifaçısı olmuşdur. Zeynəb Xanlarova «Şərəf nişanı», «Xalqlar dostluğu», «Şöhrət», «İstiqlal» ordenlərinə layiq görülmüşdür.
Musiqi dinləyək
«Çahargah» muğamından bir parça. İfa edir Zeynəb Xanlarova
Zeynəb Xanlarova muğam, xalq mahnıları, bəstəkar mahnılarının mahir ifaçısı olduğu üçün onu müğənni-xanəndə adlandırmaq olar.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamın dueti»