Azərbaycanın professional musiqi tarixi Bakı şəhərində fəaliyyət göstərən Tağıyev teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operası ilə başlayır (1908-ci il 25 yanvar). Tamaşanın dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə o dövrdə Şərq dünyasında qadın xanəndələrin səhnə ala bilməməsi səbəbindən əvvəlcə çayçı şagirdi Əbdürrəhim Fərəcov, sonralar isə aktyor Əhməd Ağdamski oynamışdılar. M.Füzulinin eyniadlı poeması əsasında yazılmış bu əsər muğam-improvizasiya operası kimi tanınır. Burada muğamlardan əlavə, xalq musiqimizin mahnı və rəqs kimi folklor janrlarından da istifadə olunmuşdur. Lakin bütün bunlarla bərabər, opera bilavasitə bəstəkarın özünəməxsus olan musiqi nümunələri ilə zəngindir. 5 pərdə və 6 şəkildən ibarət olan opera uvertüra ilə başlayır. Uvertürada operada istifadə olunmuş musiqi nümunələri səslənir. Belə musiqi nümunələrindən biri ərəb qəbilə başçısı Nofəlin mövzusu «Heyratı» zərbi-muğamına əsaslanır. Bu marşvarı bir musiqi nümunəsidir və sonra onu «Şəbu-hicran» adlanan xor musiqisinin lirik təranələri əvəz edir.
(Azərbaycan xalq mahnısı)