Görkəmli pianoçu, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub. İçərişəhərdəki kiçik bir məhəllədə böyüyən Vaqif ilk musiqi təhsilini anası Zivər xanımdan alır. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların — İohann Sebastyan Baxın, Lyudviq Van Bethovenin,Volfqanq Amadey Motsartın, Üzeyir Hacıbəylinin və digərlərinin əsərlərini çalmağı öyrədir.
Gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış caz musiqi janrı aludə etmişdi. O, gecələri sübhədək radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı muğamla əlaqələndirir, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edir. O dövrdə bu musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tiflis şəhərinə gedir, Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz » caz-triosu yaradır. 1970-ci ildə Bakıya qayıdan Vaqif Mustafazadə Azərbaycan Bəstəkarlar İttifaqında «Leyli» adlı ilk qadın vokal kvartetinin əsasını qoyur. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçir və «Sevil» kvarteti kimi fəaliyyət göstərir.
Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülür və Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı adını alır.
Musiqi dinləyək
Vaqif Mustafazadə. «Mart» fortepiano pyesi
«Mart» fortepiano pyesi «Bayatı-kürd» kiçikhəcmli muğamının intonasiyalarına əsaslanan caz musiqisi nümunəsidir. Bəstəkar bu əsərdə sol əldən müasir caz akkordlarının melodik səslənməsində melodiyaya müşayiət kimi istifadə etmişdir.